İranın namərd siyasəti

23:00 04-10-2021 459

Azərbaycan İranla münasibətlərində hər zaman səmimi olub. Cənub qonşumuzla eyni dinə, ortaq tarixə malik olmağımız, iqtisadi, ticari, mədəni əlaqələrimiz, 30 milyon azərbaycanlının bu ölkədə yaşaması və digər faktlar həssas yanaşmamızı zəruri edib. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə mehriban qonşuluq, dostluq münasibətlərini inkişaf etdirməkdə maraqlı olub. Rəsmi Bakı digər xarici ölkələrlə, o cümlədən Qafqaz regionunda geosiyasi marağı olan dövlətlərlə əlaqələr quran zaman da qonşularına qarşı həssaslığını daim qoruyub. Bu əlaqələrin qonşularımıza ziyan verməməsinə çalışıb, onların təəssübünü çəkib. İrana yanaşmada da bu siyasət qüvvədə olub. 

Buna əyani bir misal olaraq Prezident İlham Əliyevin 2006-cı ildə ABŞ Prezidenti Corc Buşun dəvəti ilə Vaşinqtona səfərini, orada aparılan müzakirələri göstərmək olar. Həmin vaxt bizim regionda gərginlik hökm sürürdü, ABŞ-İran münasibətləri də savaş həddinə çatmışdı.

Politoloqlar, siyasətçilər ABŞ-İran münasibətlərinin gələcəyini təhlil edərək perspektivdə Vaşinqtonun Azərbaycanda hərbi baza yaradacağını, İrana hücum planının gerçəkləşəcəyini, 30 milyonluq azərbaycanlı faktorundan da yararlanacağını proqnozlaşdırırdılar. Lakin Prezident İlham Əliyev Vaşinqtonda media mənsubları qarşısında dövlətimizin rəsmi mövqeyini bəyan etdi. Vurğuladı ki, hansısa xarici ölkənin Azərbaycan ərazisindən istifadə edərək onun qonşusunu hədəf almasına qətiyyən yol verilməyəcək. Bununla Azərbaycan Prezidenti müsəlman qardaşlarına – İrana qarşı hər hansı pis niyyətinin olmadığını, qonşularına zərər yetirməyəcəyini, onların ərazi bütövlüyünə daim hörmətlə yanaşacağını bütün dünyaya nümayiş etdirdi. 

Lakin əfsuslar olsun ki, eyni yanaşmanı və münasibəti İrandan Azərbaycana qarşı görmürük. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal ediləndə, 1 milyondan artıq müsəlman – azərbaycanlı qaçqın və məcburi köçkünə çevriləndə, Xocalıda dinbir qardaşlarına qarşı soyqırımı törədiləndə İran proseslərə seyrçi qaldı. Rəsmi Tehran Ermənistanı işğalçı siyasətindən çəkindirmək üçün ona təzyiq və təsir etmək əvəzinə ona qucaq açdı, iqtisadi, siyasi, ticari, maddi-mənəvi dəstək verdi. Bir növ Azərbaycan ərazilərinin uzunmüddətli, bəlkə də əbədiyyən işğal altında saxlanılması üçün bütün vasitələrə əl atdı. İşğal altındakı Azərbaycan ərazilərində Allah evlərinin dağıdılması, məscidlərimizin mundarlanması, ibadətxanalarımızda donuz, inək saxlanılması İranı qətiyyən narahat etmədi.

44 günlük Vətən Müharibəsinin gedişində də İrandan hər hansı dəstək görmədik. İranın yaxasını kənara çəkib prosesləri müşahidə etməsi bir yana, altdan-altdan Ermənistana hərbi yük karvanları yola salmasını, hava dəhlizini işğalçı ölkəyə silah daşıyan ermənilər üçün açmasını da gördük və təəssüfləndik. Azərbaycan öz ordusunun gücü hesabına işğal altındakı əraziləri azad edib İranla sərhədi bərpa edəndə Tehranın Araz çayı sahilinə qoşun çıxarması da təəccüb doğuran hadisədir. Halbuki 30 ilə yaxın bir müddətdə bu ərazilərin nəzarətsizliyindən istifadə edən terrorçulara, narkotika qaçaqmalçılığı ilə məşğul olanlara qarşı İran bir dəfə də olsun narahatlıq keçirməyib. Öz sərhədinin təhlükəsizliyini təmin etmək üçün hansısa addım atmaq barədə düşünməyib. 

İkinci Qarabağ müharibəsi başa çatandan sonra da İran öz “ənənəsinə” sadiq qalaraq müsəlman qardaşının – Azərbaycanın deyil, işğalçı, xristian Ermənistanın təəssübünü çəkib. Məhz bu təəssübkeşlikdən irəli gələrək Ermənistana və Qarabağdakı terrorçu erməni qruplaşmasına tonlarla naməlum yüklər daşıyıb. Rəsmi Tehranın bu xəyanətkarlığı diplomatik səviyyədə İran rəhbərliyinə çatdırılsa da onlar müxtəlif saxtakarlığa əl ataraq öz əməllərini davam etdiriblər. Hələ bu azmış kimi Azərbaycan dövlətinin ölkə ərazisinə qeyri-qanuni daxil olan və Xankəndidəki separatçılara yanacaq daşıyan iki iranlı sürücünü həbs edib, bununla sərhəddə nizam-intizam yaratması cənub qonşumuzu hiddətləndirib. Dərhal sərhəddə hərbi təlimlər keçirilib, konkret ad çəkilməsə də bəzi İran rəsmiləri ölkəmizin ünvanına hədələyici bəyanatlar səsləndirib.

İranın namərd siyasəti, Azərbaycana qısqanc yanaşması, müsəlman ümmətinə xəyanətkarlığı indi də davam etdirilir. Belə ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün İrəvana rəsmi səfər edib. Erməni həmkarı ilə görüşdən sonra media qarşısında çıxış edən iranlı diplomat vurğulayıb ki, İran öz qonşusu Ermənistanla münasibətlərinə hansısa xarici ölkənin zərər vurmasına imkan verməyəcək. Eyni zamanda qeyd olunub ki, hər iki ölkə arasında iqtisadiyyat, ticarət, turizm, tranzit yükdaşımaları sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Diplomat bir qədər irəli gedərək söyləyib ki, ümumilikdə regionda və İranın şimal qonşularında sionistlərin, terrorçuların təsiri ilə gərgin vəziyyət yaranıb. Təbii ki, xarici işlər nazirinin timsalında İranın narahatlığı heç də regionun təəssübünü çəkməkdən, təhlükəsizliyini təmin etməkdən irəli gəlmir. Tehranın qarnının ağrısı başqadır. İran Qarabağ probleminin həllini tapmasından, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən narahatdır. Çünki sərhədində güclü, bütöv, demokratik, dünyəvi və bəşəri dəyərləri özündə ifadə edən Azərbaycan görmək istəmir.

Həsən Məmmədzadə