Universitetə qəbul oldu, atası attestatını gizlətdi: "Çünki ögey bacım ali məktəbə daxil olmadı"

11:36 20-08-2019 69

18 yaşlı Orxan Bağırzadə universitetə qəbul olsa da, atası tərəfindən attestatı gizlədilərək ali məktəbdə qeydiyyatdan keçməsinə əngəl törədilib.

O, HerGun.Az-ın müxbiri ilə söhbətində atasının onun təhsil almasına mane törətməsinin səbəbindən danışıb.

O.Bağırzadənin sözlərinə görə, atasının təhsil almasına icazə verməməsinin səbəbi ögey bacısının universitetə qəbul olmamasıdır:

"Anam rəhmətə getdikdən sonra atam ikinci dəfə ailə həyatı qurdu. Onlar evlənən zaman qadının bir qızı var idi. Biz özümüz ailədə dörd uşağıq. Məndən böyük qardaşlarımın təhsil almağa həvəsi olmayıb, amma mənim həvəsim olub.

Həm ofisiant işləyirdim, həm də oxuyurdum və heç bir hazırlığa getmədən özüm hazırlaşaraq qəbul imtahanında 336 bal topladım, Azərbaycan Dillər Universitetinin rus-fransız dili üzrə tərcüməçilik ixtisasına ödənişli əsasda qəbul oldum. Mən ali məktəbə qəbul oldum, amma onun qızı universitetə daxil olmadığı üçün evdə prinsip yarandı. Mənə dedilər ki, o, oxumursa, sən də oxumayacaqsan".

O, atasının bu tələbinə etiraz etdiyini bildirib:

"Mənə dedi ki, oxumaq istəyirsənsə, evi tərk elə. Atam attestatımı gizlətdikdən sonra mən də evdən çıxdım".

O.Bağırzadə qeyd edib ki, artıq universitetdə qeydiyyatdan keçib:

"Təhsil Nazirliyi rəhbərliyinin məsələyə xüsusi yanaşması nəticəsində qeydiyyatdan keçdim. Universitet mənə qalmaq üçün yataqxana da təşkil edib. Bundan sonra həm işləyib, həm təhsil alacağam".

İlhamə Əbülfət