Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi - RƏSMİ

14:27 22-08-2019 1048

"Müsavat" Partiyasının Divan üzvü Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə açıqlama yayıb.

Baş Prokurorluqda aparılmış araşdırmalarla Bakı şəhər sakini Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə insanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə, onların qanunsuz etiraz aksiyaları keçirməyə təhrik edilməsinə, habelə ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyən edilib:

"Qeyd edilənlərlə əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib".

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edərək nəzərə çatdırır ki, ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.