“Bakıda şagird şalvarını çıxarır, müəllimələri söyür, məktəbə bıçaq gətirir” - AÇIQLAMA + YENİLƏNİB

11:00 07-12-2021 433

Paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində nizam-intizam qaydalarının kobud şəkildə pozulması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) açıqlama yayıb. 

Qurumdan HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır:

“Qeyd edək ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür”.

282 nömrəli tam orta məktəbdən isə HerGun.Az-a verilən məlumatda qeyd olunur ki, məktəbin 7ç sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı Uşaq Evində məskunlaşmış şagirddir:

“Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir.
 
Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. 

Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir”.

09:50

Paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində nizam-intizam qaydalarının kobud şəkildə pozulduğu iddia edilir.

HerGun.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Paylaşımda iddia edilir ki, məktəbdə sagird sinifdə şalvarını çıxardır, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir və buna səlahiyyəti şəxslər müdaxilə etmir:

“Yeddinci sinifdə təhsil alan şagird müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir, polisə müraciət olunur, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Əlacı kəsilən valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev HerGun.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir:

“Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatı yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Könül Cəfərli, İlhamə Əbülfət