“Media haqqında” qanun layihəsi: Jurnalistlər üçün yeni imkanlar – ŞƏRH

11:00 11-12-2021 539

Dekabrın 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirildi.

Fikirlər müxtəlifdir, Milli Məclislə yanaşı sosial şəbəkələrdə də layihə geniş müzakirə olundu.

Bəzi məqamlar isə ümumiyyətlə kontekstdən kənar müzakirəyə çıxarıldı və yanlış rəy yaradıldı.

Söhbət vahid jurnalist vəsiqəsinin verilməsindən gedir, bunu bir qədər aydınlaşdırmaq lazımdır.

Layihəyə əsasən, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyacaq.

Reyestrə daxil edildikdən sonra vahid jurnalist vəsiqəsi almadan da  hər hansı şəxs jurnalist fəaliyyəti göstərə bilər.

Media subyektləri isə onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər.

Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsinə xidmət edir.

Qanun layihəsi qəbul olunacağı təqdirdə, onun predmeti media subyektləri və jurnalistlərin media sahəsində fəaliyyətləri ilə bağlı münasibətlərin qurulmasını şərtləndirəcək.

“Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanun layihəsinin təsir dairəsinə daxil deyil. Necə ki hər hüquqşünas vəkil, hər mühazirəçi müəllim deyil.

Reyestrə daxil edildikdən sonra müvafiq vəsiqəni alan jurnalistlər üçün bir neçə imtiyaz da nəzərdə tutulur.

Belə ki, jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olacaq.

Bu vəsiqələri alan jurnalistlər dövlət orqanları, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq imtiyazı da qazanacaq.

Media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı da nəzərdə tutulur.

İndiyədək bir sıra sahədə çalışan şəxslər üçün güzəştli kreditlər (sosial ipoteka və s.) nəzərdə tutulsa da, jurnalistlər daim bu məsələdən kənarda qalıb. Yeni qanunla isə jurnalistlərin maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadəsi də nəzərdə tutulur. 

Layihədə qeyd olunur ki, həmin jurnalistlər özünün sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanacaq.