Qubada Susay-Xınalıq avtomobil yolu çöküb - VİDEO

15:00 15-12-2021 392

Qubada Susay-Xınalıq avtomobil yolu çöküb.

HerGun.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Belə ki, ilkin məlumatlara görə, yolun hərəkət hissəsi torpaq sürüşməsi nəticəsində çöküb.

Həmin yoldan istifadə edən sürücülərin sözlərinə görə, hərəkət üçün təhlükəli vəziyyət yaranıb:

“Dumanlı hava şəraitində görmə imkanları məhdud olduğuna görə qəza baş verə bilər. Bu səbəbdən Qəçrəş-Xınalıq avtomobil yolundan istifadə olunur”.

Sosial şəbəkədə paylaşılan məlumatla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli HerGun.Az-a bildirib ki, sözügedən yolda tikinti işləri davam edir:

“Susay-Xınalıq avtomobil yolunda hazırda tikinti işlər davam edir. Tikinti yekunlaşmadığı üçün yol istifadəyə verilməyib. Məlum məsələdir ki, tikinti prosesi zamanı müəyyən problemlər yarandıqda aidiyyəti üzrə tədbir görülür. Təhlükəsizlik məqsədilə vətəndaşlardan xahiş olunur ki, Quba-Xınalıq yolundan istifadə etsinlər. Çünki yolda tikinti davam edir və müəyyən təhlükələr ola bilər. Ərazidə ağır texnikalar işləyir. Yolun bəzi hissəsində torpaq yatağı inşa olunur, əraziyə qrunt boşaldılır. Bu səbəbdən vətəndaşların Susay-Xınalıq avtomobil yolundan istifadəsi tövsiyə edilmir.

Müəyyən sürüşmə müşahidə olunan ərazilərdə mühəndis qurğularının inşası, zəruri tədbirlərin görülməsi təmin olunur. Bütün bunlara ona görə diqqət edilir ki, yolda tikinti işləri tam yekunlaşdıqdan sonra hər hansı problem yaşanmasın”.

Könül Cəfərli