Deməli, məsələ maddiyyatla bağlı deyil... - FOTO

15:00 25-12-2021 396

Emilya Tağıyeva yazır...

Ötən həftə sosial şəbəkələrdə ikinci sinif şagirdinin “Şaxta Baba”dan istəyi ilə bağlı paylaşım edilmişdi. İstəklər arasında paltar, çanta, ataya cip, anaya villa, özünə telefon var idi.

İlk baxışdan balacanın ata-anasına məhəbbəti xoşuma gəlsə də, daha dərindən düşünəndə məyus oldum. Əlbəttə, məktəblinin boyundan böyük qəlbi riqqətə gətirir. Ancaq onun bunları istəmək yaşı deyil axı… Səkkiz yaşında olan uşaqlar özü üçün leqo, pultlu təyyarə, qız uşağıdırsa oxuyan gəlincik, mikrofon, bəzən isə saxlamağa it, pişik balası, quş, balıq və sair bu kimi şeylər istəməlidir. 

Yəqin ki, bir çoxları məktəbli uşağın bu istəyini ailənin yaşadığı maddi çətinliklərlə əlaqələndirəcək. Amma icazə verin razılaşmayım. 

Hər dövrdə sosial problemlər olub. Ancaq bu balacaların kosmosa uçmaq, “KamAZ” sürücüsü olmaq, “supermen” kimi uçmaq, “hörümçək adam” kimi tor atmaq, diktor kimi xəbərləri aparmaq və sair bu kimi arzularına mane olmayıb.

Mənim uşaqlıq dövrüm ümumiyyətlə 90-cı illərə - müharibənin, ərzaq talonlarının, çörək növbələri üçün səhər saat 5-də durmaların zamanına düşüb. Bununla belə, həmin yaşda “Şaxta Baba”dan arzum özüm boyda gəlincik olub. Həmin vaxt özüm boyda olmasa da, gəlinciyim oldu (Onu indinin özündə də saxlayıram). İllər keçdikcə arzularım da dəyişdi, böyüdü – həkim, aparıcı, jurnalist olmaq istədim (hətta dəftər tutub, qəzetlərdən maraqlı xəbərləri ora yazırdım). Ancaq bu xəyalpərəstliyim mənə nəinki mane olmadı, hətta həyatda bütün çətinliklərin öhdəsindən sinə gərməyə, gələcəyə ümidlə baxmağa kömək etdi.

Bəs uşağın belə maddi istəklərinin səbəbi nədədir?

Bu gün ad günlərdə, bayramlarda uşağa hədiyyə kimi “ehtiyacı olan” papaq, paltar, köynək, şalvar və s. alınır. Səbəb bəzən vəsaitə qənaət etmək, “bir güllə ilə iki dovşan vurmaq” istəyidir.
Burda bir məqama diqqət etmək istərdim. Firma dükanlarını qoyuram bir kənara. MDB məkanının ən böyük bazarları (Sədərək və Binə) bizdədir. Orada təkcə “Şirniyyat” bölməsində hər zövqə uyğun və hər qiymətə oyuncaqların olduğu 3-4 sıra var. Düşünürəm ki, uşağa alınan “vaciblərin” yanında kiçik bir oyuncaq hər halda maddiyyata o qədər də təsir etməz, ancaq uşağı daha çox sevindirər. Deməli, məsələ maddiyyatla bağlı deyil.

Bəzən də valideyn uşağına hər gün bir paltar geyindirməklə daha yaxşı görünməsini istəyir. Bəs diqqətlə düşünsək, uşağın yaxşı görünməyi əslində ananın özünə lazımdır, yoxsa balaya?

Oyuncaqlar, xəyallar uşaqların təxəyyülünün inkişafında böyük köməklik göstərir. Bəlkə də bir çoxları məni qınayacaq, uşaqların xəyal dünyasında yaşamasının zərərli olması barədə müxtəlif fikirlər söyləyəcəklər.

Gəlin öz uşaqlığımızı xatırlayaq. Dünya bizim üçün necə böyük görünürdü? Bütün çətinliklərə baxmayaraq, saatlarla xəyal qura bilərdik. Bu xəyallar sərhəd tanımırdı; orada qanadlanıb uçur, Ayda gəzir, “hörümçək adam”la pis insanları cəzalandırır, “Sehirli çubuq”la şirniyyat şəhəri qururduq.

Bu gün böyüklər özləri də bir vaxtlar uşaq olduqlarını unudaraq, bu cür xəyallara birmənalı yanaşmırlar. Valideynlərin əksəriyyəti uşaqlarının xəyalpərvər yox, realist böyüməsini istəyir və onlara bəzi acı həqiqətləri anladırlar: “Bu mümkün deyil”, “bunu bacarmazsan”, “belə şeylər olmur” deməklə, onların xəyal dünyalarını alt-üst edirlər. Halbuki təxəyyül insanda özünəinam yaradır, həyatda istədiyinə nail ola biləcəyinə inandırır.

Onsuz da uşaq böyüdükcə, qarşısına çətinliklər, maneələr çıxdıqca arzularına “xırda redaktələr” edir. Ancaq bəzi uşaq fantaziyaları toxunulmamış qalaraq onun yeni yüksəkliklər əldə etməsi ilə nəticələnir: “Supermen” kimi uçmasa da, pilot olur, “hörümçək adam” kimi tor-atmaq bacarığı olmasa da qanun keşikçisi olur, “sehirli çubuq”la deyil, istedadı ilə şirniyyatlar bişirir, özünə qənnadı dükanı, hətta restoran açır…

Beləliklə, balalarımızın fantaziya dünyalarına ehtiyatla yanaşmalıyıq, onların xəyal qurmasına mane olmaq yox, əksinə, kömək etməliyik.