Elman İsrafiloğlu
Poeziya -2022

KÜSMÜŞƏM ÖZÜMDƏN
Qısılıb dünyaya tənha qalmışam,
Sənli xəyalları qucaqlamışam.
Özümə sığınıb hey ağlamışam,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
Aylar ilə dönür zaman dəyişir
Həsrətin mənlə yox, vaxtla görüşür,
Ötən günlər sınır, ömrümdən düşür,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
Yığıb gözlərimə sevgi dağını,
Yaşaram ömrümün sənsiz çağını.
İtirib ömrümün yaraşığını,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
İndi gəlin köçüb sevinc gözümdən,
Asılıb həsrətin soyuq sözümdən.
İncimişəm, gülüm, özüm-özümdən,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
Daha xoşlamıram gələn səhəri,
Daha səsləmirəm ötən günləri.
Səni gözü yaşlı qoyandan bəri,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
Sevdirə bilmədim ünümü sənə,
Öyrətdim həsrəti, dözümü sənə.
Öyrədə bilmədim özümü sənə,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
23.04.2019-cu il.
BU SEVGİNİN RƏNGİ NƏDİ
Bir sevginin həsrətindən,
Əriyir hey baxışlarım.
Kipriklərim dar ağacı,
Asılıbdır göz yaşlarım.
Bəlkə sevgimin rəngindən
Yaranıbdı göy qurşağı.
Rənglər göydə qarışıbdı,
Rənglər sevgidən aşağı.
Bu sevginin rəngi nədi?
Çəkəmmirəm rəssam sayaq.
Rənglər çəkir məni göyə,
Nədənsə getməyir ayaq.
Buz kimi əriyir dünya,
Hər tərəfim sel olacaq.
Bu dünya sevgi rəngində,
Mənim gözümə dolacaq.
Gözlərimə gedən yoldan,
Gör nə qədər illər keçib.
Bu vaxt, zaman asılmaqçün,
Dar ağacı məni seçib.
DANIŞIR
Dünya başdan başa dəyişib, atam,
Nadan “alim” olub, sözdən danışar.
Üzə boya çəkmək yaman dəb olub,
Boyalı boyasız üzdən danışar.
Bu dünya əyilir nadan sözünə,
Nadanın tir batmır niyə gözünə?
Doğru öz abrını çəkir üzünə,
Yalançı qışqırır düzdən danışar.
Adam var getdiyi yolda sürüşər,
Ona çox adamlar baxıb gülüşər.
Haqq, haqsız yanında tez gözdən düşər,
Hamı nəzər dəyən “göz”dən danışar.
Namərd mərd yanında hər cür don geyər,
Yaxşı insanların ömrünü yeyər.
Ağıllı susanda , namərd söz deyər,
Kül közün yerinə, közdən danışar.
El ilə sevinib, deyib-gülməyən,
Olar nadan adam, olar haqq əyən.
Yoxuşu əsayla qalxa bilməyən,
Bir ahıl qoca da dizdən danışar.
İstərəm hər zaman qurub-yaradam,
Yaxşı iş görənə mən qol-qanadam.
Ay Elman, haqq yola nabələd adam,
Cığırdan danışır, izdən danışar.
ƏLƏNİRİK QƏBİR-QƏBİR
Yoluma baxtım çıxacaq,
Görən, baxtım gül açacaq?
Dolan bulud sulayacaq?-
Güllərimi...
Nə qəlbdən çıxarmaq olur?
Nə qəlbdən qoparmaq olur?
Nə sapantla atmaq olur?-
Dərdlərimi...
Namərd məni aldadacaq,
Haqq yolumu bağladacaq.
Tanrı, görən kim açacaq?-
Əllərimi...
Zamanın “əlində ” xəlbir,
Ələnirik qəbir-qəbir.
Qayçılayır zaman bir-bir,-
Günlərimi...
ETÜD
Üz-üzə durmuşdu bir qız payızla,
Payız sökülürdü naxışlarında.
Yarpaqlar qopurdu ağacdan düşüb,
Bu payız sınırdı baxışlarında.
Yarpağı asfalta dağıtdığı tək,
Bir qızın saçını dağıdır külək.
Payızı köksünə sıxaraq bərk-bərk.
O, qız istəmirdi kimsədən kömək.
Toqquşurdu göydə qara buludlar,
Buludlar özüylə sel gətirirdi.
Ayağı altında əzilən payız,
O, qızın bir vida nəğməsi idi.
O, qızı isidə bilmirdi payız,
Yağırdı üstünə dərd dəstə-dəstə.
Düşüb yanağına acı göz yaşı,
Axırdı gözündən payızın üstə.
Üz-üzə durmuşdu bir qız payızla,
Bir gəlin maşını yoldan keçirdi.
Bir oğlan evində toy- büsat idi,
Bir qızın qəlbinə dərd don biçirdi...