Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev işğaldan azad olunmuş Laçın rayonuna tarixi səfərlər etmişdir

22:55 30-11-2022 508

      Sirr deyil ki, 1992-ci il xalqımızın tarixinə ağır bir il kimi daxil olmuşdur. Uca dağların ətəyində yerləşən, hər daşında, hər qayasında bir tarix yatan, doğma Azərbaycanımızın dilbər guşələrindən biri - ərazisinin 72 min hektarını yaylaq sahəsi, 34 min hektarını zəngin meşə sahəsi təşkil edən, 1835 kv.km ərazisi olan, şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə, Ermənistanla həmsərhəd olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğal olunduğu gün, Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə, Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçın rayonunu düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Erməni silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalı  nəticəsində, rayonun 1 şəhəri, 1 qəsəbəsi, 125 kəndi talan edilərək yandırılmış, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət, dini abidələri erməni vandalizminə məruz qalmış, həmçinin, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 5 məktəbdənkənar müəssisə, 5 uşaq musiqi məktəbi, 1 internat məktəbi, 1 Texniki Peşə Məktəbi, 142 səhiyyə, 462 ticarət, 96 məişət xidməti obyekti, 1 avtonəqliyyat, 30 rabitə və digər müəssisələri talan edilərək, əhalinin şəxsi təsərrüfatında olan 25 min başdan çox iri, 200 min başdan çox xırdabuynuzlu heyvanlar, eləcə də, minlərlə arı ailəsi qarət edilmişdir. Ümumiyyətlə, bu işğal nəticəsində, o zamankı qiymətlərlə rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan vurulmuşdur. 1988-ci ildən, 1992-ci ilə qədər, erməni qəsbkarlarına qarşı mərdliklə döyüşən Laçın rayon sakinlərinin 300 nəfərdən çoxu şəhid olmuşdur ki, onlardan da, 18 nəfəri yetkinlik yaşına çatmayanlardır. Həmçinin, rayon üzrə 33 nəfər uşaq müharibədə hər iki valideyinini itirmişdir. Torpaqların müdafiəsi üçün canlarını fəda etmiş rayon şəhidlərindən 5 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. İşğal nəticəsində 66 mindən çox Laçın rayon sakini öz ata-baba yurdlarından didərgin salınaraq, məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.

     44 günlük Vətən müharibəsində isə, Ali Baş Komandan, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq, 30 ilə yaxın bir müddət ərzində işğal altında qalan torpaqlarımızı yağı düşməndən azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa, ərazilərimizdən çıxmağa məcbur oldu. İmzalanmış Üçtərəfli Bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonu, 25 noyabrda Kəlbəcər rayonu və 1 dekabrda isə, Laçın rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunlarının aliliyini, tarixi ədaləti bərpa etdi.

    Bildiyimiz kimi, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyev Laçın rayonuna bir neçə dəfə rəsmi səfəri edib. O, bu səfərlər zamanı Azərbaycan Bayrağını başı üzərinə qaldırıb, onu qürurla dalğalandırıb, həmçinin, rayonda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olub. Artıq, Laçına həyat yenidən qayıdır, bu istiqamətdə dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya, təxminən, 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Ali Baş Komandan, ölkə Prezidenti, cənab İlham Əliyev Laçın rayonuna rəsmi səfərləri zamanı vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək”. Eyni zamanda, işğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Ölkə Prezidenti, cənab İlham Əliyevin Sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Azad edilmiş torpaqlarda ümumilikdə, 3 beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də, işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq.

      Məlum olduğu kimi, Azərbaycan tərəfinə dəfələrlə müxtəlif xarici dairələrdən, yalnız 5 rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan, ölkə Prezidenti, cənab İlham Əliyev iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu və  bu model özünü doğrultdu. Azərbaycan yeni hərbi-siyasi  reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz, özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyib. Bu məqsədlə Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə, ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşdırma həyata keçirib. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən etmişdi. Azərbaycanın məlumatlarına görə isə, bu rəqəm 13 mindən artıqdır.

      Xalqımızın qürur mənbəyi olan Şanlı Qələbəmizdən danışarkən, Vətən müharibəsində şəhid olan, yaralanan və bu döyüşlərdə mətinliklə iştirak edərək sağ-salamat ailələrinə dönən hərbçilərin əzmkarlığını, cəsarətini, şəxsi rəşadətini də xüsusi olaraq qeyd etmək lazımdır ki, gələcək nəsillərə bəxş edilən bu Şanlı Qələbənin dəyəri, əhəmiyyəti heç vaxt unudulmasın. İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan,  ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti, eləcə də, nəticələri hələ, uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar, elmi əsərlər yazılacaq. Buna da, təbii ki, tam haqqımız var. Məhz, Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də, hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı bu Zəfər qazandı. Tarixi Qələbəmizdən danışarkən bir sıra aspektləri, bir sıra mühüm amilləri nəzərdən qaçırmaq olmaz. Qələbəmizin tarixi əhəmiyyəti və xalqımızın taleyində böyük rolu, nəticələri bütün istiqamətlər üzrə araşdırılacaq, təhlil ediləcəkdir. Eyni zamanda, əminliklə qeyd etmək istəyirəm ki, bu Qələbə ölkəmizin gələcək inkişafına, qüdrətlənməsinə, çiçəklənməsinə və vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə də əvəzsiz töhfələr verəcəkdir…

   Laçın bizimdir! Qarabağ Azərbaycandır!

 

      Sabit Mehdiyev,

     Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.