“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları

16:18 17-01-2023 78

    Məlum olduğu kimi, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 3 iyun 1992-ci il tarixdə qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər.

     “Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları çoxdur. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır. Siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq. Yeni Qanunda siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Siyasi partiya dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməməlidir. Əvvəlki Qanundan fərqli olaraq siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir. Yeni qanunun tələbi ilə siyasi partiya üzvlərinin reyestrini aparacaq. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Ədliyyə Nazirliyinə məlumat təqdim edəcək. Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməyəcək. Yeniliklərdən biri də, siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi ilə bağlı qadağa aradan qaldırılmasıdır. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur. Siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 1 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.
    Şəffaflıq üçün siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək. Yeni Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya həmin Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5000 çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 90 gün müddətində nizamnaməsini və proqramını yeni Qanunun tələblərinə uyğunlaşdırmalı, proqramı olmadığı halda onu qəbul etməli və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı Ədliyyə Nazirliyinə təqdim etməli olacaq.         

        Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.