Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur

17:22 31-05-2023 258

    Məlumdur ki, bu gün, dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq, strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Geosiyasi ədəbiyyatda enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilir. Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür. Enerji təhlükəsizliyini müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji təchizatı ilə təmin edilməsi kimi müəyyənləşdirə bilərik. Təhlükəsizlik tədbirlərinə enerji mənbələrinə çıxışın təmin edilməsi; texnologiyaların inkişafı və tətbiqinin təmin edilməsi; enerjinin istehsalı, saxlanması və ötürülməsi üçün kifayət qədər infrastrukturun yaradılması; qüvvədə olan tədarük müqavilələrinin təmin edilməsi və əlverişli qiymətlərlə enerjiyə çıxışı aid edə bilərik. Enerji resurslarının məhdud olması nəticəsində hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Buna görə də, müasir dünyada yanacaq-enerji resursları ilə təchizatı, həmçinin, enerji effektivliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur və beynəlxalq geosiyasətdə enerji resursları faktoru müstəsna əhəmiyyət daşıyır. Çətinlik doğuran digər bir vəziyyət isə yanacaq-enerji sərvətlərinin coğrafi yerləşməsindəki qeyri-bərabərliklə bağlıdır. Bu isə, öz növbəsində dövlətlər arasında əməkdaşlığın və dialoqun güclənməsinə öz töhfəsini verir, yaxud da əksinə, bu resurslar uğrunda müxtəlif siyasi çəkişmələrin formalaşmasını stimullaşdırır.

   Sirr deyil ki, Azərbaycanda energetikanın, eləcə də, alternativ enerji mənbələrinin inkişafı prioritet məsələdir. Alternativ enerjiyə daha çox investisiyanın cəlb olunması müşahidə edilir. Bu da təbii ki, ənənəvi olmayan mənbələrdən daha çox elektrik enerjisinin istehsalına imkan yaradacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir və bu da Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində formalaşmasında rolunun artmasından xəbər verir. Bu da öz növbəsində Avropanın enerji təhlükəsizliyi baxımından çox vacibdir. Azərbaycan Avropaya həm də, elektrik enerjisi ixrac etmək niyyətindədir. Nəzərə alsaq ki, Avropa İttifaqı Azərbaycanı Gürcüstan və Rumıniya arasında Qara dəniz vasitəsilə çəkiləcək kadr layihəsində iştiraka dəvət edir. Yəni, Azərbaycan elektrik enerjisini Gürcüstan vasitəsilə artıq, Avropaya ixrac etmək imkanı qazana bilər. Digər tərəfdən Zəngəzur dəhlizi vasitəsilə elektrik enerjisinin ixracı nəzərdə tutulub ki, bununla da ölkəmiz ənənəvi neft və qaz ixracı deyil, elektrik enerjisi kimi yeni enerji sahəsində ixrac imkanları qazanacaq. Həmçinin, Azərbaycanın regionda geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq.

   "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi, Avropa Birliyinə inteqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq, strateji əməkdaşlıq münasibətlərinin yaranmasına, həmçinin, inkişafına əlverişli imkan, müsbət zəmin yaratmışdır. Enerji faktoru həm siyasi, həm də, beynəlxalq layihələr baxımından Azərbaycanın siyasi və iqtisadi inkişaf problemlərinin həllində mühüm rol oynayır. Bu çərçivədə müstəqillik qazandıqdan sonrakı dövrdə neft sektorunun inkişafı və xarici şirkətlərlə əməkdaşlıq Azərbaycana böyük iqtisadi töhfə verdi. İlk növbədə, ölkə müasir texnologiyalarla təchiz edilmiş, neft sənayesinin aktivləri yenilənmiş, bu sahənin inkişafına kömək edəcək qurum və təşkilatlar inkişaf etdirilmiş, neft-təbii qaz sənayesinin infrastrukturu modernləşdirilmişdir. Bütün bunlara əlavə olaraq xarici şirkətlərin dövlət büdcəsinə ödədiyi vergilərin miqdarı artdı, minlərlə yeni müəssisə açıldı və nəticədə bütün bunlar əsas olan iqtisadi potensialın artmasına səbəb oldu. Neftdən əldə olunan mənfəətlə ölkənin müstəqil iqtisadi və investisiya siyasəti təmin edildi, eləcə də, ölkə əhalisinin yaşayış səviyyəsi yaxşılaşmağa başladı.

 

 Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının sədri.