Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı

22:53 25-09-2023 753

      Məlum olduğu kimi, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Belə ki, 19 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları, terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub, yaralanıblar. Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bütün bunlara cavab olaraq, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər, eləcə də, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbiri keçirilib. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmamış, yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Bölgədə sülhə, sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı reyd etdiyi kimi, “bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub. Antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.” Ölkə Prezidenti, möhtərəm Ali Baş Komandan, cənab İlham Əliyevin siyasi qətiyyəti, diplomatik bacarığı, silahlı qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində  həllini gözləyən məsələlər  nəzərdə tutulduğu kimi yerinə yetirilir. Xalqımız  hər zaman olduğu kimi, milli birliyi davam etdirir, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın suverenliyi, inkişafı, daha da güclənməsi naminə öz səyini göstərir.  

         Onu da qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir. Qərbi Azərbaycan İcması, Azərbaycanın Qarabağ regionunda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, həyata keçirilən antiterror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, “Azərbaycanın suverenliyi, ərazi bütövlüyü hər bir ölkənin suverenliyi, ərazi bütövlüyü qədər vacibdir və Azərbaycan beynəlxalq hüquqda əks olunmuş bütün vasitələrlə öz suverenliyini, ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.” Müraciətin sonunda bir daha beynəlxalq ictimaiyyətə Azərbaycanın antiterror tədbirlərini dəstəkləməyə, regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması naminə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı təxribatlardan çəkinməsi, normallaşma prosesi çərçivəsində məsuliyyətli davranması üçün Ermənistana təzyiq göstərməyə çağırış edilir. Bir sözlə,Azərbaycan mövqeyində və tələbində haqlıdır. Azərbaycanın qanunlarının aliliyi təmin olunmalıdır. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu antiterror tədbirlərində də bütün xalq ölkə Prezidenti, cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir və qəhrəman ordumuzun fəaliyyətini alqışlayır.

       Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq! Qarabağ Azərbaycandır!...

  Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.