Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir

21:16 30-09-2023 684

   Məlum olduğu kimi, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi vardır. Türkiyə-Azərbaycan dostluğu möhkəm təmələ əsaslanır. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlınınqəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türkxalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə də azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər. Hələ, Azərbaycan Sovet İttifaqının tərkibində olarkən də iki respublika arasında rəsmi münasibətlər mövcud olub. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynayıb. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra, həmin il noyabr ayının 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılıb. Bu vaxtdan etibarən, Türkiyənin Azərbaycanda, həmçinin, 1992-ci ilin avqust ayından Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açıb. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başlayıb. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev, 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin edib. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində ölkə Prezidenti, cənab İlham Əliyev Türkiyəyə dəfələrlə rəsmi və işgüzar səfərlərdə olub. Eynilə Türkiyə dövlətinin rəsmiləri, rəhbər şəxsləri, o cümlədən prezidentlər, baş nazirlər dəfələrlə Azərbaycanda səfərdə olublar. Fəxrlə deyə bilərik ki, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə, bizim kədərimizdir” və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri artıq, həm Türkiyədə, həm də, Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü, eləcə də, perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Beynəlxalq təşkilatlarda da müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Türkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində Türkiyə ilə faydalı əməkdaşlıq edir. Türkiyə-Azərbaycan münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, hərtərəfli sıx qarşılıqlı əməkdaşlıq şəraitində davam etməkdədir. Bütün bu münasibətlərin nəticəsi kimi 2010-cu ildə iki qardaş ölkə arasında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası da təsis olunub.

    Onu da qeyd edim ki, ölkə Prezidenti, cənab İlham Əliyevin qətiyyəti, polad iradəsi sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ərzində Zəfər tarixini yazdı. Vətən müharibəsi ərazi  bütölüyümüzün təmin olunması üçün haqqın-ədalətin bərpası içtiqamətində göstərilən şücaəti, qəhrəmanlığı nümayiş etdirdi. Bu həlledici məqamda yenə də, Azərbaycan-Türkiyə birliyi öz sarsılmazlığı ilə diqqət mərkəzində oldu. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan Zəfərimizin, Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da ölkəmizi tək qoymadı, birlik, həmrəylik nümayiş etdirdi. Əlbəttə ki, Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi  bu günün, dünənin dostluğu deyil. Bu dostluq, qardaşlıq dərin köklərə, tarixə malikdir. “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən ölkə Prezidenti, cənab İlham Əliyev, Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını daim  faktlar əsasında diqqətə çatdırır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu  bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə  haqq işimizin müdafiəsi üçün  bizim qədər əzmkarlıq göstərir. Rəsmi dövlət  nümayəndələrinin, eyni zamanda,    güclü diasporun   Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda  atılan ciddi siyasi addımlar hesab edilir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə  sübut edir. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması, eyni zamanda, ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. "Ermənistan tərəfindən işğal olunan  Azərbaycan torpaqları  azad olunmayınca sərhədlərin açılması mümkün  deyil" kimi qərarında israrlı olan rəsmi Ankaranın  44 günlük Vətən müharibəsində göstərdiyi dəstək bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha  nümayiş etdirdi. Türkiyə Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri qardaş ölkənin 44 günlük müharibənin ilk anından Azərbaycana verdiyi dəstəyin aydın ifadəsini yaratdı. Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, inamların  tükənməzliyi bu gün də aktuallığını qoruyur. Türkiyə Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanan sənədlər qarşıdakı illərdə görüləcək işlərin aydın mənzərəsini yaradır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinin, həm ölkələrimiz, xalqlarımız, həm də,  dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti olduğunu bildirir: “Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır, çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi, Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq...

    Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.