Vidadi Hidayət
HİDAYƏT YOLUNUN NURU
Bismillahir Rəhmanir Rəhim
İnsan qəlblə danışanda göz gərəkdir,
Dillə danışanda söz gərəkdir.
Tahir Hüseyn
Dünyada ən üstün şey insanların bir-birini anlamasıdır.İki insan dilsiz, sözsüz... Gözlə danışması üçün qəlblər tam paklaşmalı, orada mələklər məskən salmalı, qəlbə şeytanın təsiri Allah (c.c) tərəfindən sıfırlanmalıdır. Bu halda hər iki insanın qəlb gözü (bəsirət gözü), qəlb “qulağı” tam açıq olduğu üçün onlar dilsiz, yəni sözsüz, qəlb “gözü” ilə danışa bilirlər.Digər, qalan insanlar isə danışanda söz gərəkdir. Ancaq bəla odur ki, insanların qəlbləri o qədər müxtəliflik tapmışdır ki, sözlərdən istifadə etdikdə belə danışmaq mümkün olmur, bir-birlərini anlamırlar, mübahisələr yaranır.
Nəfsinə zülm edən, hər kəsə zülm edər
Tahir Hüseyn
Nəfs ilk yaranışda təmiz, pak olaraq bədənə daxil olur. Uşaq böyüdükcə sərbəst iradə yaranır və formalaşır.
Qızlar doqquz, oğlanlar on dörd yaşa çatanda dini hökmlərə əməl etmək vacib olur. (Bu uyğun olaraq qız və oğlanın fizioloji inkişafının ilk növbədə beyinlərinin tam hala düşməsi ilə əlaqədardır.) Beyin tam formalaşdıqdan və dinimizdə (Allahın (c.c) öyüdündə) məcburiyyət olmadığından hər kəs öz iradəsi ilə ya sonu nura çıxaran hidayət yolun və ya sonu zülmətə aparan şeytan yolun tutur (ikisindən birini). (“Quran” , Bəqərə-256 ) .
Dinimizin var olması, nəfsin çirkinliyə bulaşmaması və yaxud bir müddət bulaşmış olarsa onu təmizə çıxararaq, insanı nuraniyyətə-əbədi səadətə çatdırmaq üçündür.
Nəfsə zülm etmək nədir?
Nəfsin elmi olmadığından, yaxşı ilə pisi müəyyən edə bilmədiyindən onun haqqı bizim ağıl və iradəmizin üzərindədir. İnsan həyatında nəfs böyük rol oynayır. Belə ki, Allahın (c.c) nəfsə əzəldən qoyduğu altı meylliklərin hesabına insan yatır, yeyir, rahat evdə yaşayır, evlənir, işləyir, dünyaya bağlı olur və sair. İnsan hər bir an bu işləri görərkən Allahın (c.c) öyüdü ilə yəni şəriətlə getməzsə nəfsinə zülm etmiş olur. Burada zülm dedikdə Allahın qoyduğu hədlərdən qırağa çıxmaq başa düşülür. Konkret olaraq Allahın (c.c) nazil etdiyi “Quran”ın hökmü ilə yaşamayan həm öz nəfsinə, həm də başqalarına zülm etmiş olur.
Hər nəfs özünə aşiqdir,
Paklanmış nəfs Haqqa aşıqdir.
Tahir Hüseyn
Nəfsin xüsusiyyətlərindən bilirik ki, onun elmi, hikməti yoxdur. Ancaq, insanın fəaliyyətində əsas rol oynayır.
İnsan həddi-buluğa çatdıqda şəri hökmlər boynuna gəldikdə, Allaha (c.c) gedən yolda olmazsa, harama, günaha bataraq, zülmətə doğru bir yol tutar. Bu zaman nəfs bəyənilməyən rəzalətlərdən ibarət xəstəliklərə düçar olur ki, bu xəstəliklərin ümumi sayı yetmiş altıdır. ( İmam Cəfər Sadiq (ə) ) Nəfsdə olan bu xəstəliklərdən biri də kin-nifrət xüsusiyyətidir. Bu xəstəlik insanda elə bir xarakter yaradır ki, öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Belə insan özündə heç bir nöqsan görmür və bu səbəbdən özünə, nəfsinə aşiq olur. Ancaq, insan nəfsinə, şeytana uymadan Haqqa gedən bir yol var- siratəl müstəqim, onunla gedib sona çatsa, nəfsdə olan bütün rəzalətlər ruhdakı uyğun fəzilətlərə çevirilərək nəfs paklanır və ruh kimi olur. İnsan kamilləşir, haqqı tanıyır, nəfsdəki kin-nifrət sevgi ilə əvəz olur. Paklanmış nəfs ruh kimi olduğundan ruhun əzəli Zatı ilə həmcins olduğundan paklanmış nəfs Haqqı sevir və Ona aşiq olur.
(davamı var)