Bir şair dostum da dünyadan köçdü
AYB, AJB-nin üzvü, gözəl insan, ömrünü sözə, söz sənətinə həsr edən, tanınmış şairə, jurnalist, daima haqq-ədalət carçısı olan , “Müstəqil Respublika” qəzetinin təsisçisi və baş redaktoru Gülxas xanım Səmədli dekabrın 26-da dünyasını dəyişdi. Gülxas sevənlərə, yaxınlarına, doğmalarına Uca Allahdan səbr diləyirəm. Allah rəhmət eləsin!
Elman İsrafiloğlu
SOLDURDU BU XƏBƏR ÜZÜMÜ, GÜLXAS
Şairə dostum,Gülxas Səmədliyə həsr edirəm. Bir şair dostumu da itirdim. Allah rəhmət eləsin!
Yasa bürünmüşdü, bu gün, bu şəhər,
Niyə açılırdı, görən bu səhər?
Eşitdim dəhşətli, acı bir xəbər,
İtirdim özümü, izimi, Gülxas.
Dərd-qəmdən bax sinəm qazma-qazmadı,
Dondu əllərimdə qələm yazmadı.
Sənə yaraşmayır bu ölüm adı,
Bürüdü göz yaşım sözümü, Gülxas.
Oldun dar günümdə dostum, həmdəmim,
Sən yoxsan dünyada artı dərd-qəmim,
Yanaır için-için köksümdə qəlbim,
İndi kim siləcək gözümü , Gülxas.
Hər zaman mən gördüm səndə sədaqət,
Qaldı əllərimdə bir ovuc həsrət,
Çəkdin bu dünyada əzab-əziyyət.
Sənsiz danlayıram özümü, Gülxas.
Belə yazılıbmış qədərin, yazın,
Yarı yolda qaldı nə qədər arzun,
Ölüm kəlməsini lüğətdən pozun,
Soldurdu bu xəbər üzümü, Gülxas.
Elmanam, mən səndə gördüm gülər üz,
Haqq carçısı oldun, yazdın doğru, düz,
Ədalət axtardın hər gecə-gündüz,
Özünlə apardın dözümü, Gülxas.
27.12.2023-cü il.