20 Yanvar Ümumxalq hüzün günüdür
1990-cı ilin yanvarının 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna qanunsuz olaraq qoşunların yeridilməsi nəticəsində dinc əhali vəhşicəsinə qətlə yetirilib.
20 Yanvar faciəsi zamanı 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların içərisində qadınlar, uşaqlar və qocalar, həmçinin təcili tibbi yardım işçiləri, milis nəfərləri olub.
20 yanvar faciəsindən dərhal sonra -21 yanvar 1990-cı il tarixdə ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı faciyəyə kəskin etirazını bildirib və bu faciəni törədənləri ifşa edib. Elə həmin ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib.
20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi..
1994-cü ilin mart ayının 29-da xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümünü izdihamlı ziyarətlərlə müşayət edir. 20 Yanvar faciəsi ölkəmizin bütün bölgələrində olduğu kimi Beyləqanda da dərin hüzünlə anıldı. Səhər saatlarından başlayaraq beyləqanlılar şəhərin 20 Yanvar küçəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gələrək şəhidlərin xatirəsini ehtiramla yad edib.
Saat 12:00-da ölkəmizin bütün bölgələrində olduğu kimi Beyləqanda da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.