20 Yanvar hadisəsi ölkəmizin tarixində unudulmaz bir səhifədir

18:04 28-01-2024 452

Faktiki olaraq, sovet ordusunun Azərbaycana yeridilməsi, qarşıdurmanın baş verməsinə zəmin yaradırdı. Həmçinin, Ermənistandan azərbaycanlıların zorakı deportasiyası, Qarabağda başlayan separatizm, silahlı hücumlar Bakıda və Sumqayıtda etnik zəmində gərginlik, Azərbaycan-İran sərhədində baş verənlər bu prosesə istiqamətlənmişdi. Yanvar ayının 10-dan sonra Bakıda etnik zəmində təxribatlar törədildi, eyni zamanda Sovet-İran sərhədinə hücumlar oldu. Hər iki tərəfin adamları Arazı keçərək, bir-biri ilə görüşdülər. 1990-cı il yanvar ayının 7-də SSRİ-Türkiyə sərhədində də gərginlik yarandı. Yanvar ayının 18-də Biləsuvar və Cəlilabad ərazilərində sərhəd qurğuları dağıdıldı. Yanvar ayının 12-də xalqa divan tutmaq məqsədilə ölkənin mexanikləşdirilmiş hərbi hissələri Lənkərana yeridildi. Bunun qarşısını kəsmək üçün qonşu Salyan, Sabirabad və Kürdəmir bölgələrində xalq, ordu hərəkət edən yolların qarşısını kəsdi. Paralel olaraq Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan bölgələrə silahlı hücumları güclənirdi. Yanvar ayının 12-də Ermənistandan 500 nəfərlik silahlı quldur dəstəsi 20 vertolyotla Xanlar rayonunun Quşçu kəndinə basqın edib silahsız əhaliyə divan tutdu, insanlar vəhşicəsinə öldürüldü. Yanvar  ayının 12-də Azərbaycanda Milli Müdafiə Şurası yaradıldı. Məqsəd yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrinin basqınlarının qarşısını kəsmək idi. Yanvar ayının 13-də Bakıda bir erməninin 2 nəfər azərbaycanlını öldürməsi paytaxtda iğtişaşları gücləndirdi. Yerli hüquq-mühafizə orqanları, eləcə də, Bakıda yerləşən SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı dəstələri isə bunun qarşısını almağa heç bir cəhd göstərmədi. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən SSRİ Ali Soveti Rəyasət Heyəti yanvar ayının 15-də “Dağlıq Qarabağ Muxtar Vilayəti və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi. İmperiya Azərbaycan Ali Sovetinə təklif etdi ki, Bakı və Gəncə şəhərlərində, eləcə də, digər yaşayış məntəqələrində komendant saatı tətbiq edilməsi də daxil olmaqla lazımı tədbirlər görsün. 1990-cı il yanvar ayının 17-dən AKP MK-nın binası qarşısında əzəmətli mitinq başlandı, ümumi tətil elan olundu. Mitinqdəki çıxışlarda tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına qəti olaraq son qoysun. İmperiyanın Bakıya və ətraf bölgələrə yığdığı qoşunlar Dağlıq Qarabağa, həmçinin, erməni hücumlarına məruz qalan sərhəd bölgələrinə göndərilsin. Mərkəz Naxçıvanda da xalqı cəzalandırmaq məqsədilə fövqəladə vəziyyət tətbiq edilməsi üçün təzyiqlərini artırırdı. Yanvar ayının 18-də Şərur rayonunun Kərki kəndinin erməni işğalçıları tərəfindən zəbt edilməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. Xalqın tələbi ilə yanvar ayının 19-da Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. Bundan məqsəd isə, Azərbaycanda baş verən hadisələrə, sovet ordusunun qanlı əməllərinə dünya xalqlarının diqqətini cəlb etmək idi və bu addım müəyyən rol oynaya bildi. SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı il yanvar ayının 19-da “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqa divan tutmaq, qırğın törətmək üçün ordudan istifadə olunacağı nəzərə alınaraq fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Xalq baş verə biləcək qırğından xəbər tutmasın deyə, yanvar ayının 19-da respublika televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Qoşun bölmələri yanvar ayının 19-da Türkan-Qala istiqamətindən şəhərə hərəkət etməyə başladılar. “Bakı əməliyyatı”na sovet dövlətinin müdafiə naziri D.Yazov birbaşa başçılıq edirdi. Ağır hərbi texnika asanlıqla barrikadaları dağıtmağa başladı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan atəş açırdılar. Hərbçilər təsadüf nəticəsində yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, nəqliyyatı atəşə tutur, yaralı insanları öldürür, meyitləri yandırırdılar. Bakı küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibbi heyətin yaralılara köməyə getməsinə şərait yaratmır, hər vəchlə buna mane olmağa çalışırdılar. Əldə olunmuş rəsmi məlumatlara görə, hərbi təcavüz nəticəsinə 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. Şəhidlərdən 6-sı rus, 3-ü yəhudi, 3-ü isə tatar idi. Hadisələr zamanı 400 nəfər həbs edilmiş, 4 nəfər isə, itkin düşmüşdür. Yanvar ayının 20-də Azərbaycanda fövqəladə vəziyyət elan olundu. 20 yanvar Şəhidləri Bakının ən uca yerində – Dağüstü Parkda dəfn edildi. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün, yalnız böyük faciə deyil, eyni zamanda milli-azadlıq hərəkatının şanlı bir səhifəsidir. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvar ayının 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 1994-cü ilin mart ayında “1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. Beləliklə, 20 Yanvar – “Ümumxalq Hüzn Günü” elan edildi. 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 33 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canından keçmiş Vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının məsləhətçisi.