Britaniyada nazir səviyyəsində istefalar başları – Radd ərizəsini yazdı

02:54 08-09-2019 934

Böyük Britaniyanın əmək və pensiya naziri Ember Radd istefa verib. Nazir qərarını “yaxşı, loyal mühafizəkarların qovulmağına biganə qala bilməməyi” ilə əsaslandırıb. Belə ki, dünən baş nazir Boris Conson müxalifətin irəli sürdüyü “Brexit”in təxirə salınmasına dair qanun layihəsini dəstəkləyən 21 parlamentarini Mühafizəkarlar Partiyasından çıxarmağı qərara alıb.

“Mən kənarda dayana bilmərəm, çünki yaxşı, mötədil mühafizəkarlar partiyadan qovulurlar (...) Bir zamanlar məni siyasətə gətirən vahid millətin dəyərlərinə sadiq qalıram”,-deyə nazir özünün “Twitter” səhifəsində qərarını izah edib. 

Qeyd edək i, Raddın hakimiyyətdən getməsi yeni Baş nazir tərəfindən formalaşdırılan hökumətdə bu qədər yüksək səviyyəli ilk istefadır.

Radd Tereza Meyin birinci və ikinci hökumətlərində daxili işlər, Devid Kemeronun hökumətində isə enerji və iqlim dəyişikliyinə qarşı mübarizə naziri vəzifəsində çalışıb.

“Mən artıq inanmıram ki, indi hökumətin əsas məqsədi sazişin bağlanması ilə çıxış etməkdir”,— deyə o, baş nazirə rəsmi məktubunda yazıb.

“Brexit” in taleyi ilə bağlı fikir ayrılıqları səbəbindən bir neçə gün öncə Boris Consonun kiçik qardaşı, təhsil və elm məsələləri üzrə kiçik nazir Co Conson da hökumətdən ayrılıb. 

Xatırladaq ki, Böyük Britaniyada yeni siyasi böhranın səbəbi ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin yaxınlaşması və Baş nazir Boris Consonun razılaşmanın olmadığı təqdirdə belə, bu çıxışı həyata keçirmək istəyi olub. Müxalifət və hakim Mühafizəkarlar partiyasının bəzi üzvləri bu mövqe ilə razı deyillər.