Deputat: Gənc kadrlara yer verilməsi məhkəmə sistemində şəffaflığa işarədir

14:18 26-06-2019 610

Gənc kadrların fəaliyyətinə şərait yaradılması məhkəmə sistemində şəffaflığa işarədir.

Bu sözləri Oxu.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov məhkəmə sahəsində aparılan islahatlara münasibət bildirərkən deyib.

V.Əhmədov qeyd edib ki, məhkəmə-hüquq sistemində kadr islahatlarının aparılması, sistemin cavanlaşması və fəaliyyət istiqamətinin şəffaflığı insanlarda məhkəmələrə inamı daha da artıracaq.

O bildirib ki, spesifik məsələlərə peşəkar yanaşma vacibdir, bu sistemdə qeyri-peşəkar davranışlara, korrupsiyaya yer yoxdur. Ümumiyyətlə, məhkəmə-hüquq sistemində qanunvericiliyin spesifik müddəalarının tətbiq edilməsi daha dərin biliklər və təcrübə tələb edir:

“Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanda da bu sahədə gənc kadrlara şərait yaradılması öz əksini tapıb. Təbii ki, gənc kadrların fəaliyyətinə şəraitin yaradılmasının özü də məhkəmə sistemində şəffaflığa işarədir.

Azərbaycanda kifayət qədər savadlı gənc hüquqşünas var. Məhkəmə-hüquq sistemində gəncləşmə getməlidir ki, insanların neqativ fikirləri də dəyişsin. Kadr islahatları o demək deyil ki, uzun müddətdir məhkəmələrdə çalışan şəxslər işsiz qalacaq. Xeyr. Onlar da müvafiq işlərlə təmin olunacaqlar”.

Deputatın sözlərinə görə, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” əsasında Məhkəmə Ekspertizası Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi, yeni filialların yaradılması və ekspertiza növlərinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur:

“Bu gün məhkəmə-hüquq sistemində yalnız bir Məhkəmə Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Ekspertiza Mərkəzinin fəaliyyətinin beynəlxalq standartara uyğun qurulması məqsədilə qurumun müasir tələblərə cavab verən yeni inzibati bina və ən müasir avadanlıqlarla təchiz edilməsi də planlaşdırılır. Eyni zamanda, ilin yekunlarına qədər Mərkəzin filiallarını əhatə etməklə, qapalı elmi-metodik və informasiya-sorğu elektron sisteminin yaradılması da bu işə öz töhfəsini verəcək”.