Aqrar sahədə yeni subsidiya mexanizmi yaradılır

17:36 27-06-2019 1207

Prezident İlham Əliyev aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilir.

Kənd Təsərrüfatı Nazirliyi “Subsidiya” informasiya sisteminin yaradılmasını və subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin edəcək; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla “Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar üzrə 2019-cu ildə yaranmış öhdəliklərin cari ildə ayrılmış büdcə vəsaiti hesabına ödənilməsi mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin edəcək.

Fərmanın 1-ci və 2-ci hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.