Azərbaycanlı cüdoçu Polşada Avropa çempionu oldu

22:45 27-06-2019 905

Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib. 

HerGun.Az xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. 

60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb. Cüdoçumuza qızıl medal təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb. 

Daha iki cüdoçumuz Polşada bürünc medala layiq görülüb. 55 kq çəki dərəcəsində yarışan Kamran Süleymanov və Nicat Məmmədli qitə birinciliyində üçüncü yeri tutub. 

Beləliklə Azərbaycan cüdoçuları Avropa birinciliyinin ilk günündə bir  qızıl və iki bürünc medal qazanıb.

Qeyd edək ki, Polşada qitənin ən nüfuzlu yarışında 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 18 idmançı (10 oğlan, 8 qız) təmsil edir. Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.

Səbuhi Musayev