Politoloq: Moskva Yerevanın başına ağıl qoymalıdır

16:27 01-10-2019 463

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə baş tutacaq görüş xüsusi əhəmiyyət kəsb edir. 

Bu fikirləri HerGun.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

“İki ölkə prezidentinin müzakirə etdiyi məsələlərə regional təhlükəsizlik, rabitə yollarından səmərəli istifadə və ümumi Qafqaz evinin gələcəyi daxildir. Hazırkı vəziyyətdə Azərbaycan və Rusiya müxtəlif sahələrdə, o cümlədən, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində genişmiqyaslı regional əməkdaşlıq proqramlarında aktiv iştirak edir”, - ekspert oktyabrın 3-də Valday klubu iclası çərçivəsində keçirilməsi nəzərdə tutulan Azərbaycan və Rusiya prezidentlərinin görüşünü şərh edərkən bildirib. 

T.Abbasovun sözlərinə görə, Valday klubu mərasiminə gəlincə, burada bir müddət öncə keçirilən BMT Baş Assambleyasının 74-cü iclasında müzakirə edilən məsələlər gündəlikdə olacaq. 

“Əminəm ki, Əliyev və Putin bu gün erməni rəhbərliyinin fəal şəkildə blokladığı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə edəcəklər. Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamalarında konstruktiv heç nə yoxdur.

Xankəndinin Dağlıq Qarabağ münaqişəsinin tamhüquqlu tərəfi olduğunu bildirərək problemin həllində siyasi prosesi sarsıdır. Eyni zamanda, Paşinyan münaqişənin həllini hərbi varianta tərəf itələyir”, - politoloq bildirib.

T.Abbasov qeyd edib ki, Yerevanın sülh prosesini qəsdən gecikdirmə cəhdləri və beynəlxalq hüquq normalarına hörmətsizliyi yeni qaynar hərbi səhnəyə səbəb ola bilər. 

“Ona görə də Rusiya bütün gücü ilə çalışacaq ki, hərbi ssenariyə yol verməsin. Məhz Yerevan münaqişənin həllində hərbi alternativdən istifadə vəziyyətinə yönəldir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun apardığı resurs bazası hələ tükənməyib. Müharibədən danışmaq hələ tez olsa da, erməni tərəfi yeni hərbi əməliyyatlarla nəticələnə biləcək təxribatlara əl atmaqda davam edir”, - o deyib. 

T.Abbasov Moskvanın bölgədə sülhü qorumaqda və Qarabağ münaqişəsinin nizamlanmasında yeni hərbi qarşıdurmaların qarşısını almaqda maraqlı olduğunu əlavə edib. 

“Buna görə də, Kreml beynəlxalq hüquq normalarını pozan və Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana təzyiq göstərmək üçün bütün imkanlarından istifadə etməlidir”, - ekspert qeyd edib. 

Rasim Babayev