Büdcə sessiyasında hansı qanun layihələrinin “bəxti açıla” bilər?

16:18 28-06-2019 1250

Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsində iyul ayında keçiriləcək iki, ən yaxşı halda üç iclasından sonra parlament üzvləri iki aylıq yay tətilinə gedəcəklər.

Millət vəkilləri bir də sentyabrın 15-də, MM-in növbəti - 2019-cu il payız sessiyasının başlaması ilə əlaqədar işlərinə geri dönəcəklər.

Sentyabrın 15-30-u arasında millət vəkilləri payız sessiyası çərçivəsində komitə iclaslarında iştirak edəcəklər.

Oktyabrın 1-də isə MM-in payız sessiyası başlayacaq.

Qeyd edək ki, payız sessiyası daha çox büdcə sessiyası sayıldığı üçün oktyabr-dekabr ayları arasında 2020-ci ilin büdcə müzakirələri əsas yer tutacaq.

Bununla belə, payız sessiyasında ən azı komitələr səviyyəsində və ya birinci oxunuşlarda müzakirəsi gözlənilən xeyli qanun layihələri var.

Onların bir çoxu illərdir ki, hər sessiyadan sessiyaya təxirə salınır.

Hətta bəzilərinin parlamentin 2019-cu il yaz və növbədənkənar sessiyalarında müzakirəsi nəzərdə tutulsa da, onlar bu dəfə də müzakirələrdən kənarda qalıblar.

Həmin qanun layihələri arasında Rəqabət Məcəlləsi, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında”, “Təhsil (tələbə) kreditləri haqqında”, “Turizm haqqında”, “Aşıq sənəti haqqında”, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Adlar və soyadlar haqqında”, “Mərasimlər haqqında”, “Pasiyentlərin və tibb işçilərinin hüquqlarının qorunması haqqında”, “Ailə həkimi haqqında” qanun layihələri və digərləri var.

Qeyd edək ki, Rəqabət Məcəlləsi və deputat Məlahət İbrahimqızının müəllifi olduğu “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihələri artıq üç çağırışdır müzakirəsini və qəbulunu gözləyir.

Hər iki qanun layihəsi III çağırış (2005-2010-cu illər) parlament dövründə birinci oxunuşda müzakirəyə çıxarılsa da, hətta Rəqabət Məcəlləsi birinci oxunuşdan keçsə də, ötən illər ərzində qəbul olunmayıb.

“Adlar və soyadlar haqqında” qanun layihəsi isə “ən qocaman” qanun layihəsi sayıla bilər.

Bu layihə hələ birinci çağırış (1995-2000-ci illər) parlament dönəmindən gündəmə gətirilsə də, əvvəlcə sabiq deputat Sabir Rüstəmxanlı, sonra isə millət vəkili, akademik Rafael Hüseynov tərəfindən müvafiq qanun layihələri hazırlansa da, bir neçə dəfə qanunvericilik işləri planına daxil edlsə də, beş çağırışdır ki, müzakirəsini və qəbulunu gözləyir.

Həmçinin “Təhsil (tələbə) kreditləri haqqında” qanun layihəsi millət vəkilləri Vahid ƏhmədovƏli Məsimli tərəfindən hazırlansa, bir dəfə parlament komitəsinin iclasında müzakirə olunsa, qanunvericilik işləri planına daxil edilsə də, taleyindən bir xəbər yoxdur.

Qeyd edək ki, bununla bağlı akademik İsa Həbbibəylinin rəhbərlik etdiyi parlamentin Elm və təhsil komitəsi tərəfindən də ayrıca qanun layihəsinin hazırlanması ilə bağlı  axtarışlar davam edir.

Onu da deyək ki, bu qanun layihəsinin müzakirələrə çıxarılmasına daha çox bank sektoru mane olur.

Bununla yanaşı, “Ailə həkimi həkimi”, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və “Mərasimlər haqqında” qanun layihələri ilə bağlı III çağırış parlament dövründən fikirlər, ideyalar səsləndirilsə, ilkin variantlar hazırlansa da, onların nə vaxt müzakirələrə çıxarılacağı bəlli deyil.

Adları çəkilən qanun layihələrindən yalnız pasiyentlərlə bağlı sənədin reallığa çevrilməsi istiqamətində addımlar atılır.

Belə ki, bir neçə gün öncə sözügedən qanun layihəsinin hazırlanması yönündə parlamentin Səhiyyə komitəsində ictimai dinləmələr keçirilib və deputat Sədaqət Vəliyevanın rəhbərliyi ilə işçi qrupunun yaradılması qərara alınıb.

“Turizm haqqında” yeni qanun layihəsinin də hazırlıqları başa çatmayıb. 

“Aşıq sənəti haqqında” qanun layihəsinin hazırlanması təklifləri daha çox V çağırış MM dövründə yer alsa da, bu istiqamətdə də hansısa müsbət addımlar görünmür.

Qəbulu və müzakirəsini gözləyən qanun layihələri arasında “Kinematoqrafiya haqqında” yeni sənəd də var. Bununla bağlı bir neçə dəfə parlamentin Mədəniyyət komitəsi səviyyəsində müzakirələr aparılsa da, plenar iclaslara tövsiyəsi hələ ki baş tutmur.

Bu sənədlə bağlı parlament komitəsi ilə Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi arasında razılaşma hələlik alınmır.

Eyni zamanda, illərdir ərtafında müzakirələr açılsa da, “Uşaqların istirahəti və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında” və "Dövlət maliyyə nəzarəti haqqında" qanun layihələrindən də bir xəbər yoxdur.

Bununla belə, parlamentdəki mənbələrdən əldə etdiyimiz məlumata görə, payız sessiyasında adları çəkilən qanun layihələrindən bir neçəsinin komitələr səviyyəsində müzakirəsi, hətta birinci oxunuş üçün tövsiyəsi gözlənilir.

Kamil Həmzəoğlu