Gürcüstanda nə baş verir? - ŞƏRH

10:45 14-06-2018 5
loading...

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili dünən axşam saatlarında bəyan etdi ki, istefa verəcək. O, hakim “Gürcü arzusu” partiyası tərəfindən qurulan hökumətə iki il yarım rəhbərlik edib. 

Qonşu Gürcüstanda nə baş verir?

Giorgi Kvirikaşvili yaz aylarıdna Tbilisidə başlayan etiraz aksiyaları fonunda istefa verib. Onun və hökumətin istefasını keçən ilin qışında Tbilisidə kütləvi dava zamanı öldürülən yeniyetmənin atası Zaza Saralidze tələb edirdi. 

Məhkəmə yeniyetmənin qatilini müəyyənləşdirə bilmədi. İstintaqın oğlunun qatilini gizlətdiyini bildirən Saralidze tələb etdi ki, ədalət bərpa olunmalı və sistem dəyişməlidir. 

Onun çağırışı minlərlə insanı küçələrə çıxardı, son günlər isə müxalif partiyalar, xüsusən də Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası aksiyaya dəstəyini nümayiş etdirirdi. Bir müddət öncə Saralidze ədalətin bərpa edilməsi üçün hökumətə yeddi gün vaxt verdi. 

Buna qədər isə Kvirikaşvilinin istefasını özünü “çiyələklər” adlandıran və polisin narkodillerlərə qarşı paytaxtın gecə klubunda keçirdiyi amansız əməliyyata etiraz edən gənclər tələb edirdi. 

Kvirikaşvili kimdir?

Kvirikaşvili ilk dəfə Gürcüstan hökumətində 2012-ci ildə keçirilən parlament seçkilərindən sonra milyarder Bidzina İvanaşvili tərəfindən yaradılan “Gürcü arzusu” koalisiyasının tərkibində görünüb. 

İvanaşvili bir il müddətində hökuməti idarə etdi. Bu zaman Kvirikaşvili isə iqtisadiyyat və davamlı inkişaf naziri idi. İrakli Qaribaşvilinin hakimiyyətində Kvirikaşvili xarici işlər naziri və baş nazirin müavini vəzifələrini tutdu. 

Giorgi Kvirikaşvili iqtisadiyyat naziri olduğu zaman müxalifət tərəfindən tənqidlərə məruz qaldı. Onlar iqtisadiyyat komandasını səhv siyasət aparmaqda və Gürcüstanda yaranan iqtisadi böhranda ittiham edirdilər.

Gəcələk xarici işlər naziri Kvirikaşvili əsas diqqətini Avropaya inteqrasiyaya və Gürcüstanın xarici iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə yönəltmişdi. 

Giorgi Kvirikaşvili 1967-ci il iyunun 20-də Tbilisidə filoloq və maliyyəçi ailəsində anadan olub. O, şəhərin ən yaxşı məktəblərini və Tbilisi Tibb İnstitutunun müalicə fakültəsini bitirib. 

Gürcüstanın yeni baş naziri kim ola bilər?

Gürcüstanın baş naziri postuna real namizəd maliyyə naziri vəzifələrini müvəqqəti icra edən 36 yaşlı Mamuka Baxatadze tuta bilər. Bununla bağlı “Rustavi 2” telekanalı öz mənbəsinə istinadla məlumat yayıb. 

“Pirveli” TV telekanalı isə bildirir ki, baş nazir postuna xarici işlər nazirinin vəzifələrini icra edən Georgi Qaxariya və regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili əsas namizədlərdir. 

Gürcüstandakı narazılığın arxasında kimlər dayanır və Saakaşvilinin bununla nə əlaqəsi var?

QRUZİNFORM-un baş redaktoru Arno Xidirbeqişvili əmindir  ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili ölkəsinə qayıtmaq cəhdlərindən əl çəkmir:

“Gürcüstanın sabiq prezidenti Mixail Saaşavili Ukraynadan çıxarıldıqdan sonra Hollandiyaya gedib və Gürcüstanda yeni inqilab hazırladığını bəyan edir.

Əsas məqsəd hakim “Gürcü arzusu” partiyasını hökumətdən devirmək, onun rəhbəri milyarder Bidzina İvanaşvilini Gürcüstandan qovmaq və ölkəyə qayıtmaqdır”. 

Xidirbeqişvilinin sözlərinə görə, vacib olan ABŞ-ın reaksiyasıdır. Son 25 ildə ilk dəfədir ki, ABŞ-ın Gürcüstandakı səfirliyi “Biz çox narahatıq. Hadisələri yaxından izləyirik. Gürcüstan hökumətini çağırırıq” kimi bəyanatlar yaymayıb və susub, hadisələrə heç bir reaksiya verməyib. 

Yazı Gürcüstan saytlarındakı informasiyalara əsasən hazırlanıb. 

Əli Məmmədov