Namiq Əliyev: Toğrul Əsgərov kimi sürprizə imza atacaq idmançılarımız var

15:25 12-10-2018 6
loading...

Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq barədə danışıb.

HerGun.Azın xəbərinə görə, o bildirib ki, yarışa gəncləşmiş kollektivlə yollanacaqlar.

Belə ki, gənclərin dünya çempionatında özlərini yaxşı tərəfdən göstərmiş idmançılardan qızıl medal qazanan Hacımurad Hacıyev (70 kq) və gümüş medal əldə edən Əbubəkr Abakarov (74 kq) əsas komandaya cəlb olunub: 

“Onları yoxlamaq istəyirik. Çünki Yay Olimpiya Oyunları ilə bağlı müəyyən hədəflərimiz var. Güləşçilərimiz hər zaman nəticə verib. Dünya çempionatının da bu baxımdan istisna olmayacağını düşünürəm.

Baxmayaraq ki, bir çox gəncləri sınayacağıq. Bu, onların böyüklər arasında ilk addımları olacaq. Onlardan medal gözləyəcəyik. Aparıcı güləşçilərimizin həm fiziki durumları, həm də əhval-ruhiyyələri çox yaxşıdır”.

Namiq Əliyevin sözlərinə görə, hazırda yığmada 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında medal qazanacaq potensiala sahib pəhləvanlar var: 

“Adlarını açıqlamaq istəmirəm. Çünki bütün diqqətlər onlara yönəlir. Gənclər olimpiadada özlərini mütləq göstərəcəklər. Çox böyük potensiala malikdirlər. Toğrul Əsgərov kimi sürprizə imza atacaq idmançılarımız var”.

Qeyd edək ki, güləş üzrə dünya çempionatı 20-28 oktyabrda keçiriləcək.

Səbuhi MUSAYEV