Deputatdan Paşinyanın Qarabağ təklifinə reaksiya: Ağrısını Ermənistan çəkəcək

15:36 13-02-2019 26

Azərbaycan işğalçı və təcavüzkar Ermənistanın nə dediyinə deyil, nə etdiyinə diqqət yetirir və qiymət verir. Azərbaycanın, rəsmi Bakının Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas tələb etdiyi məsələ Ermənistan silahlı birləşmələri, işğalçı qoşunlar tərəfindən işğal olunmuş ərazilərin boşaldılmasıdır.

Eyni zamanda, Azərbaycan Dağlıq Qarabağ erməniləri, Qarabağın erməni icması ilə də danışıqlara hazırdır. Ancaq bir şərtlə ki, onlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını qəbul etsinlər, bu prinsiplərə hörmətlə yanaşsınlar.

Yəni Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə, işğalçı qoşunlar işğal olunmuş ərazilərdən çıxarılmayana qədər Dağlıq Qarabağla, erməni icması ilə bağlı hər hansı bir statusdan, hansısa danışıqlardan söhbət gedə bilməz. 

Bunu HerGun.Az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan parlamentinə Qarabağ məsələsi ilə bağlı proqram təqdim etməsinə və həmin proqramda Dağlıq Qarabağın müstəqilliyi, müstəqil tərəf kimi danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı fikirlərin yer almasına münasibət bildirərkən deyib.

Deputat deyib ki, əgər işğal faktı aradan qaldırılarsa, işğal olunmuş ərazilər boşlaldılarsa, Azərbaycanın suverenliyinə hörmət, qanunlarına əməl edilərsə, Azərbaycan Dağlıq Qarabağın erməni icmasının problemləri ilə məşğul ola bilər. 

“Bu gün isə məhz məlum işğal faktına görə bu işlərlə məşğul bilmirik. Ancaq əgər Ermənistan danışıqlar prosesindən yenidən kənara çəkilərsə, uzun illər davam edən danışıqlar prosesini növbəti dəfə pozarsa, “öz müqəddəratını təyin etmə” məsələsini təzədən ortaya atarsa, danışıqlarda Dağlıq Qarabağın tərəf kimi müstəqil şəkildə iştirak etməsinə təkid edərsə, o zaman Azərbaycanın digər təsirli variantlardan istifadə etmək imkanları var və bu imkanlardan yararlana bilər. Bu imkanların ağrısını isə, şübhəsiz ki, Etmənistan özü çəkəcək. 

Əgər 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ermənistanın növbəti dəfə qeyri-konstruktivliyi, pozuculuq fəaliyyəti və atəşkəsi pozması səbəbindən hərbi əməliyyatlara əl atmaq məcburiyyətində qaldısa və Ermənistana öz yerini göstərdisə, eyni zamanda, proseslərin məhz bu məcraya yönəlməsində “rolu” olan Sarqsyan və onun hərbi xunta rejimi tarixin zibilliyinə atıldısa, o zaman növbəti əməliyyatlarda Paşinyan hökumətinin necə duruş gətirəcəyi özü maraqlıdır.

Yaxşı olardı ki, bunu da bir az düşünəydilər. Odur ki, indiki halda Dağlıq Qarabağın hansısa statusundan və erməni icmasının hansısa statusla danışıqlar masası arxasında əyləşməsindən söhbət belə gedə bilməz”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar