Bağçaları idarə edən qurumun işçilərinin maaşı artırıldı

11:27 12-08-2019 10

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, bu sahədə idarə rəisinin maaşı 517 manatdan 720 manata, idarə rəisi müavininin maaşı 374 manatdan 520 manata, baş mühasib, sektor müdirinin maaşı 336 manatdan 470 manata, baş mühasibin müavini, baş məsləhətçinin maaşı 319 manatdan 445 manata, Metodiki Mərkəzin müdirinin maaşı 308 manatdan 430 manata, aparıcı məsləhətçinin maaşı 297 manatdan 415 manata, məsləhətçinin maaşı 292 manatdan 405 manata, metodistin maaşı 281 manatdan 390 manata, bölmə rəhbərinin maaşı 270 manatdan 375 manata, böyük iqtisadçı, böyük mühasibin maaşı 264 manatdan 370 manata, aparıcı mühasibin maaşı 253 manatdan 350 manata, iqtisadçı, mühasib, kompüter üzrə mütəxəssisin maaşı 242 manatdan 340 manata, sürücünün maaşı 210 manatdan 320 manata, katibə-kompüter operatorunun maaşı 210 manatdan 295 manata, xadimə və fəhlənin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.