Ermənistan mətbuatı: Erməni diplomatiyası fiaskoya uğrayıb

17:09 15-08-2019 10

“Məxməri inqilab”la hakimiyyətə gələn Nikol Paşinyan Baş nazir olduqdan sonra Ermənistanın onsuz da zəif və qeyri-effektiv olan diplomatiyası bir az da uçuruma doğru getdi.

Bu səbəbdən də Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoanın Yerevana səfərini Ermənistanda az qala toy-bayram kimi qeyd edirlər.

Ermənistan mətbuatı kinayə ilə yazır ki, uruqvaylı nazirin Yerevana gəlməsi Ermənistan diplomatiyası üçün “əlamətdar” hadisədir. Çünki Uruqvay xarici siyasət idarəsinin başçısının Ermənistana gəlməsi son illərdə yüksək səviyyəli səfərlərə tək nümunələrdən biridir.

“Bu, xarici siyasətimizin, diplomatiyamızın uğursuzluğunun nəticəsi hesab edilməlidir. Ermənistanın xaricdəki səfirləri və digər diplomatik nümayəndəlikləri nə edir? Ermənistan diplomatları xarici həmkarları ilə nədən danışırlar? Dünya paytaxtlarında kimi təmsil edirlər, ümumiyyətlə, diplomatlarımız hansı gündəmlə işləyirlər”, - deyə Ermənistan mətbuatı sual edir.

Bildirilir ki, bunlar hələ suallardır, cavab isə sadədir: hər hansı ölkənin yüksək səviyyəli rəsmisinin Ermənistana gəlməməsi.

Paşinyan administrasiyası hər vəchlə dünyaya göstərmək istəyir ki, guya Ermənistan investisiya üçün əlverişlidir. Lakin Ermənistan mediası yazır ki, dünya dövlətlərinin ölkəyə marağı sıfırdır. Bu isə hər şeydən əvvəl xarici siyasətin, diplomatik kadrların hansı səviyyədə olmasının göstəricisidir.

Ermənistan diplomatiyası ölkənin hədəf və çağırışlarına xidmət edə bilən tezisləri yarada bilməyib.

“Ermənistanı dünya ölkələri üçün maraqlı etmək istəyiriksə, ilk növbədə, xarici siyasət və diplomatiyanın fəlsəfəsini, diplomatik heyəti dəyişdirməliyik. Bu, Ermənistan üçün ölümcül bir problemdir”, - deyə Ermənistan mətbuatı yazır.

Ermənistana marağın ildən-ilə azaldığı, xarici siyasətdə ardıcıl uğursuzluqlar, ölkədə tüğyan edən demoqrafik böhran fonunda isə N.Paşinyan və onun komandası diqqəti Qarabağ cəbhəsinə yönəldib xal qazanmaq istəyir.

Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında və Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlar bunun bariz nümunəsidir. Beynəlxalq dəstəyi itirən Ermənistan “Qarabağ kartı” ilə əhalisini ələ almağa çalışır. Amma bu, artıq heç bir effekt vermir.

Aqşin Kərimov