Böyük Britaniyadan Əfqanıstanı tərk etmək istəyənlərə tövsiyə

19:40 26-08-2021 339

Böyük Britaniyanın müdafiə naziri Ben Uollis təyyarə ilə ölkəni tərk edə bilməyən Əfqanıstanda qalan qaçqınlara tövsiyə edib ki, quru yollardan istifadə etsinlər.

Bu barədə o “The Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, xarici missiyalarla əməkdaşlıq edən bir çox Əfqanıstan vətəndaşı “Taliban”ın qisas almaq qorxusundan indi ölkəni tərk etməyə çalışır. Amma Kabil hava limanına insanların axını səbəbindən hamı reyslərə minə bilmir.

Eyni zamanda, britaniyalı nazir qeyd edir ki, Əfqanıstanla qonşu ölkələr arasında bütün təyin olunmuş sərhəd keçidləri “Taliban”ın nəzarətindədir.

Bu vəziyyətdə o, Əfqanıstandan qaçmaq istəyənlərə, mümkünsə, sərhədi keçmək və üçüncü ölkələrə getmək üçün başqa quru yollarını axtarmağı tövsiyə edib. Onun fikrincə, bu, ən təhlükəsiz variantdır.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada Əfqanıstanda olan britaniyalılara terror hücümü barədə xəbərdarlıq edilib:

“Davam etməkdə olan və güclü terror hücumu təhlükəsi var. Kabil Beynəlxalq Hava Limanına getməyin. Hava limanı bölgəsindəsinizsə, təhlükəsiz bir yer və yeni tövsiyələri gözləyin”.