“Arsenal”ın sabiq futbolçusu: Bakı təhlükəsiz şəhərdir

10:45 15-05-2019 8

Fikrimcə, Azərbaycan üçün Avropa Liqasının finalının keçirilməsi gözəl fürsətdir. İki London klubunun oyununu izləmək maraqlı olacaq.

HerGun.Az xəbər verir ki, bunu Fransa millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Rober Pires deyib.

O, Bakının uzaqlığı və şəhərimizin təhlükəsizliyi ilə bağlı deyilənləri təkzib edib:

“Təbii ki, bu finalda “Arsenal”a azarkeşlik edəcəyəm. Mən altı mövsüm bu komandada oynamışam. Hazırda bu klubun səfiri kimi fəaliyyətimi davam etdirirəm. Bizim üçün bu titulu qazanmaq çox önəmlidir.

Fikrimcə, Bakı Londondan, yazıldığı kimi, o qədər də uzaq deyil. Təyyarə ilə beş saatlıq yoldur. Bu, hər iki komandanın azarkeşləri üçün yeni bir ölkə, yeni bir şəhər və yeni bir xalqla tanış olmaq imkanıdır. Burada əvvəl də olmuşam. Bakıda heç bir təhlükədən söhbət gedə bilməz.

Mən Bakıda ikinci dəfə oluram. Burada sponsorlardan birinin nümayəndəsi kimi də fəaliyyət göstərəcəm. Bu, avtomobil icarəsi şirkətidir. Stadionla artıq tanışam. Böyük azarkeş toplayacaq tutumu var. Həmin stadionda maraqlı oyun izləyəcəklərinə əminəm”.

Qeyd edək mayın 29-da Bakı Olimpiya Stadionunda Avropa Liqasının final matçı ilk dəfə Bakıda keçiriləcək.

Səbuhi MUSAYEV